Dairəvi iqtisadiyyat
Dairəvi iqtisadiyyat (ing. circular economy) — ümumi mənada bu, resursların yenilənməsinə əsaslanan iqtisadiyyatdır, ənənəvi xətti iqtisadiyyata alternativdir (tullantıların meydana gəlməsi, istifadəsi, utilizasiyası).
Dairəvi iqtisadiyyat tullantıları və digər çirklənmə növlərini minimuma endirən məhsul və xidmətlərə diqqət yetirməklə klassik xətti istehsal modelini dəyişdirmək üçün nəzərdə tutulmuşdur.
Dairəvi iqtisadiyyatın əsas prinsipləri resursların yenilənməsinə, ikinci dərəcəli xammalın təkrar emalına, qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrindən istifadəyə keçidə əsaslanır.
Həmçinin bu tip iqtisadiyyat dördüncü sənaye inqilabının tərkib hissəsi hesab olunur ki, bunun nəticəsində təbii resurslar da daxil olmaqla ehtiyatlardan rasional istifadə ümumən artacaq, iqtisadiyyat daha şəffaf, proqnozlaşdırıla bilən olacaq, onun inkişafı sürətli və sistemli olacaqdır.
Çin dairəvi iqtisadiyyatı inkişaf etdirmək üçün qanun qəbul edir; Cənubi Koreya oxşar Yaşıl İnkişaf Strategiyasını tətbiq edir; Yaponiyada "Düzgün Material Dövrü üçün Cəmiyyət" qurulur. Oxşar proqramlar Almaniya və İsveçrədə də mövcuddur. Milli inkişafın bu yeni konsepsiyaları tullantıların idarə olunması sistemlərində əsaslı dəyişiklikləri nəzərdə tutur, diqqəti tullantılardan ikinci dərəcəli resursların maksimum çıxarılmasına və təbii minerallar əvəzinə sənaye istehsalında istifadəsinə yönəldir.
Dairəvi iqtisadiyyat insanın hər hansı hərəkətinin, təfəkkürünün, istehlak vərdişlərinin fərqli qavranılması sistemini, daha rasional istehsal və istifadəni nəzərdə tutur.
Dünya İqtisadi Forumu, Ellen MacArthur Fondu və McKinsey & Company konsaltinq firmasının 2014-cü il hesabatına görə, istehsal dövriyyəsi hər il qlobal iqtisadiyyata 1 trilyon dollar əlavə edə bilər.